Burada istənilən şəxs şəriət qaydaları təmin olunmaqla bütün tibbi xidmətləri ala bilər.
Klinika eksperiment xarakteri daşıyır, əgər iş uğurlu getsə Moskvada belə tibb müəssisələr şəbəkəsi açıla bilər. İşin təşəbbüskarları müştəri qıtlığından qorxmurlar, belə ki, Moskvada təxminən 1,5 milyon müsəlman yaşayır.
Müsəlman klinikası Moskva üçün unikal bir tibb mərkəzi olmalıdır. Burada qadınları qadın həkimlər kişiləri kişi həkimlər müayinə edəcəklər.
Kişi həkimləri başlarına xüsusi papaq, qadınlar isə başlarını yaylıqda örtəcəklər.
Kilinikanın rəhbəri Viktor Kisin deyir ki, həkimlər seçiləndə heç də onların dini mənsubiyyəti başlıca amil kimi qəbul edilməyib:
"Həkimləri biz Müftilər şurasının məsləhəti əsasında habelə öz axtarışlarımız nəticəsində yığmışıq. Birinci tələb o idi ki, həkimin yaxşı təcrübəsi olsun. Xüsusilə bizə həkimlərinYaxın Şərqdə iş təcrübəsi olması maraqlandırırdı. Habelə həkimlərin müxtəlif şərq dillərində danışması da tələblərdən biri idi".
Rusiya Muftilər şurasından Nafiqulla Aşirov deyir ki, klinikada şəriət qanunlarının yerinə yetirilməsi mütləqdir:
"Müsəlman qaydalarına görə, əgər bunun üçün imkan varsa qadına ancaq qadın həkim baxmalıdır", - deyir cənab Aşurov.
Bildirilir ki, klinika tək müsəlmanlar üçün maraq kəsb etməyəcək, məsələn Moskva sakini Viktoriya Davrukova deyir ki, bəzi xəstəliklər zamanı həkimlərin cinsi məsələsi müəyyən əhəmiyyət kəsb edir:
"Qadınlar üçün bu rahat ola bilər, məsələn hər qadın kişi ginikoloqun yanına getmək istəməzdi. Yaxud da elə kişi xəstəlikləri var ki, bəzi kişilər onu qadın həkimə açmaq istəmirlər".
Düzdür, əks fikirdə olanlar da az deyil, onların zənnincə, xəstəxanaları dini prinsipə bölmək düzgün deyil, həkimlərdən isə yeganə tələb onların peşə səriştəsi olmalıdır.