
Amerikanın "Michigan Lawsuit Abuse Watch" şirkətinin sponsorluğu ilə keçirilən 11-ci ənənəvi axmaq xəbərdarlıq müsabiqəsində traktor üzərində həkk edilmiş "Təhlükəlidir. Ölümdən qorun!" yazısı qalib gəlib. Detroytdan olan Kevin Soav münsiflər heyətinə bu yazını təqdim etdiyi üçün 500 dollar mükafata layiq görülüb. Müsabiqənin keçirilməsində əsas məqsəd məhkəmə çəkişmələrinin xəbərdarlıq lövhələrinə təsirini nümayiş etdirməkdir. 2-ci mükafat (250 dollar) isə Pensilvaniya ştatından olan ailəyə təqdimlənib. Münsiflər heyəti ütü üzərindəki "Köynəyi geyinilmiş halda ütüləməyin!" xəbərdarlığını layiqincə dəyərləndiriblər. Massaçusetsli Riçard Qudnaunun uşaq avtomobilinə bərkidilmiş torba üzərində yerləşən "Uşağı torbaya qoymayın!" lövhəsini isə mütəxəssislər 3-cü yerə layiq görüblər. Müsabiqənin təşkilatçısı Bob Doriqo Cons bildirib ki, axmaq lövhələr Amerikada mülki hüquq sisteminin durumunu əks etdirir: "Acgöz vəkillər bilirlər ki, istehsalçılara qarşı axmaq iddialar qaldıraraq təzminat tələb edə bilərlər. Hətta elementar məntiq də bu hallarda yardıma gəlmir".