
Manhettendəki otellərdən birində şokolad otağı hazırlanıb. Bu nömrənin divarları, mebeli və interyer əşyalarının hamısı təmiz Belçika şokoladından düzəldilib. Bu dadlı otaq Valentin günü münasibətilə istifadəyə verilib. Bir neçə gün öncə oteldə onun təntənəli surətdə açılış mərasimi baş tutub. İki həftə ərzində şokoladlı otağı istənilən şəxs ziyarət edə bilər. Burada şokoladdan hazırlanmış buxarı, stol və hətta kitablar da var. Otağın divarlarını isə müxtəlif növ şokoladdan düzəldilmiş rəsm əsərləri bəzəyir. Hələlik bu otaqda qalacaq şəxsin kimliyi bilinmir. Onu hazırlayan firma şokoladlı nömrənin sahibini müəyyənləşdirmək üçün lotereya oyunu keçirir. Uduşlu kupon həmin şokolad firmasının buraxdığı konfet qutularından birinin içindədir. Həmin konfetləri fevralın 14-nə kimi ABŞ-ın istənilən mağazasından almaq olar. Qutunun qiyməti cəmi 23 dollardır. Uduşlu kuponu tapan şəxs sevgilisi ilə birlikdə həmin otaqda həftə sonunu pulsuz keçirmək şansı qazanacaq.