Yaxın bir neçə il ərzində planetdə istilər 11 dərəcəyədək arta bilər.
Öz yeni konsepsiyasını hələ ötən il konkretləşdirən Avropa komissiyası nəhayət ki, qlobal istiləşmə ilə miqyaslı mübarizə planını elan etdi. Döyüş asan olmayacaq. Avropa öz başlıca düşməni-atmosferə atılan karbon qazı tullantıları ilə mübarizəyə hər il 60 milyard dollar ayırmağı planlaşdırır. Avrokomissiyanın mübarizə planı öz miqyası ilə heyrət doğurur. Bu gün Avropa cəmiyyətinin qarşısında bir məqsəd durur: 2020-ci ilədək atmosferə atılan karbon tullantılarının 90-cı illə müqayisədə təxminən 20 faizədək azaldılmasını təmin etmək. Bu göstərici Avropa üçün nə deməkdir? Mütəxəssislər məhz bu hədəfin miqyasına görə belə hesab edirlər ki, bu məqsədə yaxın 12 ildə hər il 60 milyard dollar xərclənməlidir. Bu isə həm də o deməkdir ki, 2020-ci ilədək 720 milyard avro sərf olunacaq. Avropa Birliyinin 2007-2013-cü il üçün büdcəsi ilə müqayisə oluna biləcək bir məbləğ. Elə ona görə də Avropa ölkələri və Avropa parlamentinində başlanacaq qızğın mübahisələri bəri başdan proqozlaşdırmaq olar. Avropa Birliyi öz məqsədinə bir neçə yolla çatmağı planlaşdırır.
1. Parnik qazı tullantısını istisna edən texnologiyalara üstünlük verilməsi.
2. Mümkün olduğu təqdirdə karbon qazını atmosferə atmamaq, yer altı anbarlara vurmaq.
Avropa Birliyi 2015-ci ilədək belə rezervuarlarla təchiz olunmuş 12 elektrik stansiyası tikməyi nəzərdə tutur. Avrokomissiyanın sədri Coze Barrozinin qənaətinə görə, yeraltı anbarların yaradılması planeti ifrat qızmaqdan xilas etməyin başlıca yollarından biridir. Tullantılara hərraclar vasitəsilə kvota satışı da bu məqsədə hesablanıb. Brüsselin təkliflərində nəzərdə tutulur ki, 2013-cü ildən başlayaraq, sənaye üçün karbon qazı tullantısının bütün limitinin satışı tədricən hərraclar vasitəsilə həyata keçiriləcək. Yalnız mettallurgiya, alüminium və sement zavodları müəyyən güzəştlər əldə edəcək. Bioyanacağın payını isə 10 faiz artırmaq planlaşdırılır. Söhbət həm də külək və dalğa, geotermal enerci, bioqaz və əlbəttə günəş enercisi kimi mənbələrin payının artırılmasından gedir. Amma bununla yanaşı yaranmış şərait Avropa Birliyinin planını bir sıra çətinliklərlə üzləşdirə bilər. Məsələn, Brüsselin bioyanacaq proqramı təzəcə həyata keçirilməyə başlamışdı ki, sual altında qaldı. Qida məhsullarının qiymətinin dünyada görünməmiş səviyyədə qalxması və tropik meşələrin kütləvi şəkildə qırılmasını ekspertlər müəyyən mənada Avropa Komissiyasının yeni enerji konsepsiyasının qəbul edilməsindən sonra başlanmış 'bioenerci lixoradkası' ilə izah edirlər. Dünya alimləri isə on ildən artıqdır ki, qlobal istiləşmənin sürətlə irəliləyən iri addımlarını müşahidə etməkdədirlər.
Hələ1995-ci ildə keçirilən məşhur Madrid konfransı qlobal istiləşməni bir elmi faktor kimi etiraf etmişdi. 2011-ci ilin sonuna günəş fəallığının görünməmiş həddə çatacağı gözlənilir. Ən pisi isə bu həddin özünü naviqasiya və elektrik cihazlarında, habelə insanların səhhətində göstərəcəyi ehtimalıdır. Kolorado ştatının kosmik hadisələri öyrənən mərkəzinin əməkdaşı Duqlas Besekerin vəd etdiyinə görə, 2011-ci ilin oktyabrında və 2012-ci ilin avqustunda günəş fəallığının iki güclü dalğasını müşahidə etmək olacaq. Daha pisi isə bütün dünyanın yeganə çırağının-günəşin qızıb partlamasıdır. Bu isə Avropa Kosmik agentliyinin eksperti, hollandiyalı astrofizik Pirs Van der Merin proqnozdur. Onun hesablamalarına görə, günəş nüvəsi son 11 ildə demək olar ki, iki dəfə artıb. Və bu ona partlayış ərəfəsində olan ulduzların vəziyyətini xatırladır. Fəlakət artıq 2013-cü ildə baş verə bilər. Partlamaq ərəfəsində olan günəş planetimizi yalnız qızdırmaqda davam edir. Və bu gün qlobal istiləşmənin də kökündə parnik effekti deyil, məhz o durur. Doğrudur, günəşin indi, yoxsa 10000 il sonra partlayacağı barədə müntəzəm danışılır və bəlkə də insanlar artıq bu xəbərə o qədər də inandırıcı yanaşmırlar. Amma ortada bir real fakt var ki, adam onu öz qabığında, ya da dərisində hiss etməyə bilmir. Bu da qlobal istiləşmədir. Və bu təhlükəyə Avropa Komissiyası bu gün 100 milyardlarla avro pul xərcləməyə hazırdır. Amma isti günlərimiz qabaqdadır. Müxtəlif ekspertlərin rəyinə görə yaxın bir neçə il ərzində planetdə istilər 11 dərəcəyədək arta bilər. 12 il sonra planetdə iqlim elə dəyişə bilər ki, Avropa məhsulun əksər hissəsini məhv edə biləcək dəhşətli daşqın və leysanların altında qala bilər. Bu arada planetin digər hissələri quraqlıqdan əzab çəkəcəklər. Sayı o vaxta qədər təxminən 7, 6 milyarda çatacaq bəşəriyyətin ərzaq defisiti, milyonlarla insanın müntəzəm aclıq dövrü başlaya bilər. İsveç fiziki Frederik Robelius isə ehtimal edir ki, dünyanın əsas yataqlarında neft hasilatı aşağı düşəcək, yanacağın qiyməti qalxacaq və bu isə öz növbəsində havadan əziyyət çəkən dünya iqtisadiyyatına əlavə zərbə vuracaq. O da istisna deyil ki, su boğazına çıxan dövlətlər bir-birini ayaq altına alacaq, neft uğrunda qanlı müharibələrə başlayacaqlar. Və iş təkcə neft uğrunda mübarizə ilə bitməyəcək. Kütləvi yoluxucu xəstəliklərin dəhşətli miqyas alacağı gözlənilir. 2020-ci ilədək müxtəlif yeni viruslu qriplər və atipik respirator infeksiyalar baş qaldıracaq. 2040-cı ilədək Arktika buzlaqlarının əriməsi gözlənilir. Kompüter təhqiqatlarına görə, buzlaqların kiçik bir hissəsi Kanada sahillərində və Qrenlandiyada qalacaq. Əsrin sonuna isə karbon qazının atmosferdəki səviyyəsi bütün mümkün normaları vurub keçəcək. Yer üzündən silinən bitki və heyvanların sayı milyona çatacaq. Planetin tən yarısı isə qupquru səhraya dönəcək. Doğrudur düzünü allah bilir. Amma elə bu saat bu yazını oxuduğunuz vaxtda bəlkə də bir ulduz axdı. Onun nəyi bizim Yerdən əskik və ya artıqdır ki...