Dünya liderləri nə qədər maaş alır? Türkiyənin “Hürriyet” qəzeti dünya liderlərinin aldığı məvaciblə bağlı məqalə dərc edib.
Qəzet yazır ki, liderlərin maaşı ölkələrinə görə dəyişir. Ayrı-ayrı ölkələrdə həkimin, müəllimin, fəhlənin əmək haqqı fərqli olduğu kimi liderlərin də maaşı fərqlidir.
Türkiyədə ən yüksək məvacibi ölkə prezidenti alır. Abdulla Gülün illik qazancı təxminən 150 min dollara yaxındır. Baş nazirin məvacibi isə 95 min dollardır. Türkiyədə 2007-ci ilin sonunda adambaşına düşən illik gəlir 6 min dollar təşkil edib.
Böyük Britaniyanın baş naziri Qordon Braunun maaşı isə 375 min dollardır. Maraqlıdır ki, ölkə rəhbərlərinin maaşının artması Toni Bleyrin vaxtına təsadüf edib. Onun dövründə baş nazir və nazirlərin məvacibi 40 faiz artıb. Ölkədə adambaşına düşən illik gəlir təxminən 35 min dollardır.
Fransa prezidenti Nikolya Sarkozinin maaşı hakimiyyətə gələndən sonra düz yarıbayarı artırılıb. Hazırda o, ildə 346 min dollar pul alır. Ölkə üzrə illik gəlir isə 34 min dollara yaxındır.
ABŞ prezidenti Corc Buş 400 min dollar, vitse-prezident Dik Çeyni isə 208 min dollar alır. Ölkədə illik gəlir isə 46 mindir.
Almaniyanın baş naziri Anqela Merkelin məvacibi 318 min dollara çatır. Əhalitnin illik gəliri 34 min dollardır.
Putini isə ən “kasıb” prezidentlərdən biri adlandırmaq olar. Onun rəsmi gəliri ildə cəmi 81 min dollardır. Lakin ölkə əhalisinin illik gəliri də yüksək deyil. Rusiyada orta illik gəlir təxminən 14,5 min dollardır.
Azərbaycan barədəsə danışmağa dəyməz. Ölkədə nə prezidentin gəliri, nə də əhalinin yaşamaq üçün qəpik-quruşu haradan əldə etdiyi bəlli deyil...
Mənbə: Gün səhər