
Qüdsdəki Yəhudi Universitetinin professoru iddia edir ki, Musa peyğəmbər Allahdan 10 ehkamı dağda qəbul edərkən psixotrop preparatların təsiri altında olub. Koqnitiv psixologiya ilə məşğul olan Benni Şanonun fikrincə, Tövrat nazil edilən zamanlarda israillilər dini mərasimlər zamanı hallüsinogenlərdən geniş istifadə edirdilər. Psixoloqun dediklərinə əsasən, qədim yəhudilər bu məqsədlərlə sədəfotundan və akasiya qabıqlarından yararlanıblar. Radiomüsahibəsində Şanon minilliklər öncə baş verən hadisələrə belə şərh verib: "Musaya gəldikdə isə Tur dağında baş verənlər qeyri-adi kosmik hadisə ola bilər. Ancaq mən buna inanmıram. Bu həmçinin əfsanə də ola bilər. Lakin mən bu versiyanı da qəbul etmirəm. Böyük ehtimalla Musa ilə İsrail xalqını birləşdirən hadisə narkotiklərin təsiri altında meydana gəlib. Məhz narkotik sərxoşluq durumunda olan Musa, guya, Allahla danışdığını düşünüb və bundan sonra yəhudiləri ardınca apararaq İsraildən çıxarıb. Tövratda insanların səsləri gördükləri yazılıb. Bu isə narkotik sərxoşluğun klassik simptomudur". Professorun belə bir sarsaq fikrə düşməsinin əsas səbəblərindən biri də onun özünün psixotrop vasitələrdən mütəmadi olaraq istifadə etməsidir. 1991-ci ildə Braziliyanın Amazonka meşələrində olan Şanon həyatında ilk dəfə narkotikdən istifadə edib. Professorun sözlərinə görə, məhz həmin təcrübə zamanı "dini səsləri" eşitməyə başlayıb. Şanon sonralar da narkotiklərdən istifadə edib və hətta hallüsinogen bitkilər haqqında təcrübəvi kitab qələmə alıb. Amma son açıqlamalarını əsas tutaraq tam əminliklə demək olar ki, professorun narkotik sərxoşluq yuxusundan nə vaxtsa ayılmaq ehtimalları çox azdır.
Mənbə: Həftə içi