Xazar Blog > Din > İranlı alimi peyğəmbərə görə ittiham edirlər

İranlı alimi peyğəmbərə görə ittiham edirlər


18 Mart 2008. Müəllif: Caspian
İranlı alimi peyğəmbərə görə ittiham edirlərƏbdülkərim Süruşun fikrincə, Quranın yaranmasında vəhylə yanaşı, Məhəmməd peyğəmbərin də rolu olub.
İran hakimiyyətinin yürütdüyü daxili siyasət ölkə vətəndaşlarını bezdirməkdədir. Hələ 1994-cü ildə İranın ali rəhbəri ayətulla Xamneyi Aşura günü baş yarmağı yasaqlayan fərman vermişdi. O zaman insanlar buna məhəl qoymayaraq, başlarını yarmışdılar. Həmin fərmanın verilməsindən 14 ildən çox vaxt keçsə də, insanlar hər il hakimiyyətə etiraz olaraq, başlarını qəmə ilə çərtirlər.
“Azadlıq” radiosunun məlumatına görə, İrandakı qadınlar ikili həyat keçirirlər. Küçədə gəzməyə çıxanda örtülü geyinir, dostları ilə bir yerə toplaşanda isə istədikləri təki geyinərək, məhdudiyyətlərə etirazlarını belə bildirirlər. Bu zaman zərif cinsin nümayəndələri qolsuz köynək, qısa şalvar, bir sözlə, necə istəyirlər, o dəblə də geyinib-keçinirlər.
İrəc Cəmşidi adlı jurnalistin sözlərinə görə, əhalinin şəxsi həyatına hakimiyyətin müdaxilə etməsi, özəlliklə, şəhər sakinlərini məyus edib. Bir çoxları yasaqlara məhələ qoymamağa cəhd göstərir.
Yerli müşahidəçilərin dediyinə görə, ötən illərlə müqayisədə geyimlərdə liberallaşma baş verib. Düzdür, hakimiyyət hər il yaz və yay mövsümləri qabağı əhalini hicaba əməl etməyə çağırır. Amma insanlar ölkə rəhbərliyinin bu kampaniyasından bezib. Ötən il keçirilmiş kampaniya zamanı hicabı pozan 1,5 milyon insan saxlanılmışdı.
Avropanın məşhur kosmetik şirkətlərindən birinin Tehrandakı təmsilçisi Əli Məhəmmədi deyib ki, pullarının çox hissəsini paltarına, saçına, bir də dərisinə qulluq etmək üçün aldığı əşyalara xərcələyir. Çünki dəblə geyinmək həm də hakimiyyətin qadağalar siyasətinə qarşı özünəməxsus etiraz formasıdır. Onun sözlərinə görə, ölkədə belə düşünənlərin sayı milyonlarladır. “Mən tez-tez ”Fashion", “World Fashion” telekanallarına baxıram. Ən çox sevdiyim isə “Dolce and Gabbana”dır. Paltar alanda bu üslubu dəyişməməyə çalışıram" - deyə, o söyləyib.
Xatırladaq ki, bir müddət öncə parlamentdə “Dolce and Gabbana” şirkəti nümayəndəliyinin Tehrandan çıxarılması haqda fikirlər səslənmişdi. Ə.Məhəmmədinin qənaətincə, “Kristian Dior” və ya “Versace” kimi firmaların kosmetik məhsulları İranda daha yaxşı satılır, amma həmin markalardan olan paltarlara dükanlarda rast gəlinmir.
Ancaq hakimiyyətin yaratdığı maneələr ölkə vətəndaşlarının dəblə geyinməsinin qarşısını ala bilmir. Ən məşhur firmaların istehsal etdiyi 600 dollarlıq ayaqqabını İranda 60 dollara almaq mümkündür.
Jurnalist Cəmşidi deyib ki, geyimlə bağlı qadağa elə-belə məsələ deyil. İran əhalisi istənilən vaxt bu kimi məsələlərlə bağlı ayağa qalxa bilər. Buna görə də hakimiyyət həmin sahəni daim ciddi nəzarətdə saxlamağa çalışır. Məsələ yalnız geyim-keçimlə bitmir. Hakimiyyət sözün doğrusunu söyləyən, haqlı tənqidi fikir bildirənlərə qarşı da sərt tədbirlər həyata keçirir. Bu yaxınlarda Qum şəhərindəki dini-ideoloji mərkəzin ruhaniləri və mədrəsənin tələbələri birgə bəyanatla çıxış ediblər. “Media forum”un məlumatına görə, həmin bəyanatda İranın islamçı alimlərindən biri-Əbdülkərim Süruş Quran və Məhəmməd peyğəmbər haqda yeni fikirlərini söylədiyi üçün “mürtəd”, “kafir”, “xain”, “əcnəbi nökəri” adlandırılıb. Bəyanat müəllifləri Süruşun həbsini və cəzalandırılmasını tələb ediblər.
Xatırladaq ki, o, vaxtilə İran İslam inqilabının ən məşhur nəzəriyyəçilərindən və tərəfdarlarından olub. Əvvəllər hakimiyyətlə eyni mövqedən çıxış edən Ə.Süruş İranda ruhani rəhbərliyin islamla bağlı apardığı təbliğatdan şübhələndiyini, dinin cağdaş həyatla uyğunlaşdırılmasına dair nəzəriyyələr irəli sürüb. Onun fikrincə, Quranın yaranmasında vəhylə yanaşı, Məhəmməd peyğəmbərin də rolu olub.
Hakimiyyətin tətbiq etdiyi qadağalar onu qoruyanların, polislərin də başına bəla açır. “GÜN səhər”in ötən saylarından birində xəbər vermişdik ki, Tehranın polis rəisi general Rza Zarei altı yüngül əxlaqlı qadınla bir otaqda tutulub. Ötən həftə o, bir müddət həbsdə saxlanılsa da, sonradan zaminə buraxılıb. General Zarei ölkə paytaxtında əxlaqsızlığın və hicabın pozulmasına qarşı mübarizə aparan qrupa başçılıq edib.
Tehranın Əmir Kəbir adına Universitet tələbələrinin bülleteni “Əsre-İran” saytına istinad edərək İran hakimiyyətinin əxlaq qaydalarının qoruyucusunun istefa verdiyi barədə məlumat yaymışdı. Həmin xəbəri Tehran hüquq-mühafizə orqanının sözçüsü, polkovnik Əhmədi də təsdiqləyib. İran prezidenti Mahmud Əhmədinijatın yaxın adamlarından sayılan R. Zareinin işdən çıxarılmasının, tutulub zaminə buraxılmasının səbəbləri barədə ölkə KİV-i hələ də heç bir açıqlama dərc etməyib...


Mənbə: Gün səhər