
Çinin Şansi əyalətində yaşayan Li Yun evində siqaretə aludə olan tısbağanın yaşaması haqqında məlumat verib. Onun sözlərinə əsasən, heyvan tütünə ev sahibinin həyətyanı sahəsində söndürülməmiş siqaret kötüklərini atması səbəbi ilə belə qeyri-adi adətə yiyələnib. Çinli tısbağanın 4 dəqiqə ərzində bir siqareti çəkdiyini iddia edir. Ümumilikdə isə heyvan gün ərzində yarım qutu tütün məmulatına ehtiyac duyur: "Ona siqaret vermədikdə çox əziyyət çəkir. Mən damağıma siqaret qoyan kimi o, başını sudan qaldıraraq tüstüyə zillənir. Bir müddət keçdikdən sonra isə gölcüyündə dəli kimi üzməyə başlayır. Tısbağa yalnız siqareti ona verdikdən sonra sakitləşir. Onun kənarını dişləri ilə sıxır və 4 dəqiqədən sonra siqaret tamamilə yox olur". Heyvanların müdafiə cəmiyyətində isə baş verənlərə olduqca ciddi yanaşıblar. Heyvansevərlərin fikrincə, tısbağa tütünə könüllü şəkildə ehtiyac duyursa, onun sahibinə qarşı hər hansı bir ittiham irəli sürməyə əsas yoxdur. Amma istənilən halda bu faktdan reklam kimi istifadə olunmasını cəmiyyətdə yolverilməz hesab edirlər.
Mənbə: Həftə içi