Bəziləri 18 min, digərləri isə 500 min dollarlıq maşında gəzirlər.
Amerikanın “Forbes” jurnalı ABŞ Dövlət Departamentinin avtomobillər barədə məlumatlarından və digər mənbələrdən istifadə edərək dünyanın bəzi ən varlı şəxslərinin maşınlarını və onların qiymətini müəyyən edib.
Dünyanın ən varlı şəxsinə çevrilən Uorren Baffet ABŞ-da çox populyar olan “Cadillac DTS”də gəzir. Maraqlıdır ki, Baffetin 62 milyard dollar pulu var. Onun avtomobilinin baza qiyməti isə 50 min dollardır.
Las-Veqasdan olan kazino maqnatı Stiven Vin 3,9 milyard vəsaitə malikdir. O, İtaliyanın “Ferrari” avtomobil zavoduna səfəri zamanı həyat yoldaşına mavi rəngli “F430 Spyde” alıb. Bu avtomobilin qiyməti 150-200 min dollar arasındadır.
Sərvəti 15 milyard dollar olan “Wal-Mart” mağazalar imperiyasının varisi Elis Uoltonu isə ən ucuz maşın sahibi saymaq mümkündür. Uolton qiyməti cəmi 17,5 min dollar olan “Ford F-150" pikapında gəzir.
Modelyer Ralf Lauren isə bu sahədə əsl bilicidir. Onun avtomobil qarajında 1929-cu il buraxılışı olan “Blower Bentley”, 1955-ci il buraxılışı olan “Mercedes-Benz 300 SL Gullwing Coupe”, 1962-ci il buraxılışı olan “Ferrari 250 GTO”, 1996-cı ildə istehsal edilən “McLaren F1" və 2007-ci ildə hazırlanan ”Bugatti Veyron" dayanır. Bu maşınların hər birinin yüz minlərlə, hətta milyon dollara yaxın qiyməti var. “Forbes” yazır ki, Bostondakı müasir incəsənət muzeyi 2005-ci ildə Laurenə məxsus avtomobil kolleksiyasının sərgisini keçirib.
İsrailli milyarder Şeldon Adelson köhnə avtomobildə gəzir. Onun maşını 1991-ci ildə buraxılıb. Amma Adelsonun “Rolls-Royce Silver Spur”un qiyməti hələ o zaman 150 min dollar olub.
Varidatı 4,5 milyard dollar olan maliyyəçi Edvard Lampertin qarajında 2001-ci ilin “Aston Martin Vanquish” və 1999-cu ilin “Mercedes-Benz G500" cipi dayanır.
Daşınmaz əmlak maqnatı Donald Tramp isə çox bahalı avtomobilləri xoşlayır. Onun kolleksiyasında “Rolls-Royce Phantoms” və “Ferrari F430" mövcuddur. Teleşoulardan birində isə maqnat qiyməti ən azı 500 min dollar olan ”Mercedes-Benz SLR McLaren" sükanı arxasında olub.
Mənbə: Gün səhər