
Bu gündən etibarən Cənubi Afrikada fillərin sayının tənzimlənməsinə yönəlmiş qadağa aradan qaldırılır. Moratorium 13 il ərzində qüvvədə olub. Bu zaman kəsiyində nəhəng heyvanların sayı 8 mindən 18 minə qədər artıb. Amma bu, müəyyən fəsadlarla müşayiət olunub. İndi fillər əkin sahələrinə soxulur, kəndləri viran qoyur, ev heyvanları arasında infeksiyalar yayır. Bununla belə, hökumət heyvanların öldürülməsinə yalnız son ölçü kimi əl atmağı tövsiyə edir. Cənubi Afrikada filləri vertolyotlarla təqib edir və başlarından bir güllə ilə qətlə yetirirlər. Adətən belə əməliyyatlar zamanı bütöv bir fil ailəsi məhv edilir. Çünki sağ qalmış ailə üzvü sonradan ciddi dağıntılara səbəb ola bilər. Heyvanların müdafiəçiləri isə hökumət tərəfindən tətbiq olunan üsulu soyqırımla müqayisə ediblər. Onlar məhkəməyə müraciət etməklə yanaşı, turistlərdən ölkəyə səfərlərdən vaz keçməyi rica ediblər. Eyni zamanda futbol azarkeşləri 2010-cu ildə Cənubi Afrika Respublikasında təşkil olunacaq dünya çempionatını boykot etməyə dəvət olunublar.
Mənbə: Həftə içi