
"iRobot" şirkəti "Gələcəyin döyüş sistemləri" proqramı çərçivəsində layihələndirilmiş 3 kiçikölçülü məsafədən idarə edilən SUGV (Small Unmanned Ground Vehicle) cihazını sınaqdan keçirilmək üçün Amerika Hərbi Qüvvələrinə təqdim edib. Qurğular kəşfiyyat əməliyyatlarında istifadə etmək üçün nəzərdə tutulub. Robotların sınaqları artıq Texas ştatında yerləşən poliqonda keçirilir. Yaxın 2 həftə ərzində "iRobot" şirkəti ABŞ ordusuna daha 22 belə cihaz təqdimləməlidir. Sifarişin ümumi dəyəri 6 milyon dollar təşkil edir. Sınaqların nəticələrindən asılı olaraq Pentaqon kəşfiyyatçı robotların İraq və Əfqanıstanda geniş istifadəyə yararlı olması haqqında qərar qəbul edəcək. Əvvəlcə layihənin 2010 - 13-cü illərdə reallaşdırılması nəzərdə tutulmuşdu. Lakin sonradan Amerikanın hərbi rəhbərliyi cihazların hazırlanmasını tezləşdirmək haqqında qərar qəbul edib. Buna səbəb isə hazırda Əfqanıstan və İraqda "iRobot"un istehsal etdiyi digər bir layihənin uğurla istifadə olunması olub. Şirkətin yeni təqdim etdiyi tırtıllı SUVG-nin çəkisi cəmi 13,5 kiloqram təşkil edir. Cihaz partladıcı maddələrin axtarışı, tikililərin tədqiqi, həmçinin şəhərdə döyüş zamanı taktiki kəşfiyyat üçün nəzərdə tutulub.
Mənbə: Həftə içi