
Şotlandiyanın ətraf mühitin mühafizəsi nazirliyi Böyük Britaniyanın vəhşi təbiətindən təqribən 400 il əvvəl yoxa çıxan qunduzları süni yolla yaymaq haqqında qərar qəbul edib. 2007-ci ilin payızında Avropanın ən iri gəmiricilərindən olan bu heyvanların 4 ailəsi Norveçdən gətirilib və hazırda Şotlandiyanın Kral Zooloji Cəmiyyətinin nəzarəti altında uyğunlaşma prosesi keçirlər. 2009-cu ilin payızında 20 qunduzun Napdeyl yaxınlığında azadlığa buraxılması planlaşdırılıb. Gəmiricilərin bədənlərinə ötürücülər və mikroçiplər bərkidiləcək. Bu onların bütün hərəkətlərinə nəzarət etməyə imkan yaradacaq. Gələcəkdə vəhşi təbiətdən yoxa çıxmış digər heyvan növlərinin bərpası üçün oxşar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin yerli fermerlər baş verənlərdən çox narahatdırlar. Onlar qunduzların sayının artmasından sonra əkin sahələrinin və yolların su altında qalacağından ehtiyatlanırlar. Fermerlər qeyd olunan heyvanların Baltikyanı ölkələrin və Bavariyanın ərazisində yerləşdirilməsindən sonra ətraf mühitə vurulan ziyanı xatırladıblar. Məsələ burasındadır ki, su hövzələri yaxınlığında məskən salan qunduzlar ağacların qabıqları ilə qidalanırlar. Bunun üçün onlar ağacların köklərini gəmirib aşırırlar. Nəticədə əmələ gələn bəndlər bir çox problemlər yaradır. Maraqlıdır ki, qunduzların Böyük Britaniyanın meşələrinə qaytarılması 2005-ci ildə də nəzərdə tutulmuşdu. Amma o zaman fermerlərin kəskin etirazları bu təşəbbüsün reallaşmasına imkan yaratmadı.
Mənbə: Həftə içi