
BUNLAR AZƏRBAYCANA NECƏ GƏLDİ?
Və ya YENİ BİR DİN GƏLİB. BU İSLAM DİNİ DEYİL.
Hələ ki, bu təriqətin adını açıqlamıram. Rastlaşdığım bir- iki faktdan sonra əminəm ki, onlar Azərbaycanda artıq kifayət qədər ciddi qüvvəyə malikdirlər.
Qarşımda onlarla bağlı olan iki kitab var. Birincisi, 2001-ci ildə Adiloğlu nəşriyyatında çap olunan və “Allah yolunda xeyriyyədir pulsuz paylanır” şüarı ilə ortalığa çıxan 1500 tiraja malik bir kitabdır. SÜNNƏ ƏHLİNİN ETİQADINA GÖRƏ RƏHBƏRLƏRƏ MÜNASİBƏT adlanır bu ktab.
Sünnə əhli, şiə əhli kimi boş- boş sözlərlə islamı parçalamağa çalışan qüvvələr azmış kimi haqqında bəhs etdiyim kitab oxunmağa başlar- başlamaz əhli sünnənin aşağıdakı adları var deyir:
1. Əhli sünnə və-l cəmaə
2. Ət taifətu-l-mənsura
3. əl- firqatu-n- naciə
4. əs- Sələfiyyun
Bunlar haqqında “Quran”dakı “surə”lərdən, “ayə”lərdən sitat gətirib ikinci fəslinə keçir. Yazır: Əhli-sünnənin əqidəsinə görə rəhbərlərin tərifi və onların haqqları. Rəhbər hər hansı topluya hökmranlıq edəndir. Məsələn, prezident xalqının, müəllim tələbələrinin, komandir əsgərlərinin, kişi ailəsinin rəhbəridir. Xalqın idarəçilik hüququnu öz üzərinə götürən hər bir rəhbər məsuliyyətli bir yükün altına girmiş olu. Çünki, qiyamət günü hər kəs öz himayəsi altında olanlara görə cavab verəcək.
Həmçinin rəhbərlərin himayəsi altında olanların üzərində olan haqlar aşağıdakılardır:
1. Rəhbərə tabe olmaq
2. Rəhbərə hörmət etmək
3. Rəhbərin xoşa gəlməyən hərəkətlərinə və ya danışıqlarına səbr etmək və ona qarşı çıxmamaq
4. Rəhbərin işlərinə qarışmamaq
5. Allahın rəhbərə verdiyi var- dövlətə göz dikməmək və həsəd aparmamaq
6. Rəhbəri gözdən salmaq üçün səy göstərməmək
7. Rəhbərin qeybətini etməmək
8. Rəhbər haqqında yalan danışmamaq
9. Rəhbəri söyməmək
10. Rəhbərə lənət etməmək
11. Rəhbərə nifrət etməmək
12. Rəhbəri yaxşı işlərə görə qiymətləndirmək
13. Rəhbərin haqqında gözəl zənn etmək və casusluq etməmək
14. Rəhbəri vətəni qorumaqda dəstəkləmək
15. Rəhbər üçün Allaha dua etmək
Bu, birinci kitab barədə olan fikrimi mən bir qədər sonra açıqlayacağam. Əvvəlcə, qarşımda olan ikinci kitab haqqında sizlərə çatdırım. 1999-cu ildə “Əbilov, Zeynalov və oğulları” İstehsalat- ticarət kompaniyasının mətbəəsində korrektə edilmiş bu kitab isə “Ustad Cəfər Sübhani- Vəhhabi məzhəbi” adlanır. Redaktorları proffesor Rafiq Əliyev və Hacı Salman Musayevdir. Ön sözün müəllifi olaraq “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, ( o dövrdə- R.R.) fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin yazdıqlarından: “Vəhhabilik 18-ci əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxmış və tezliklə bölgədə güclü dini- siyasi hərəkata çevrilmişdir. Bu məzhəbin banisi teym qəbiləsindən çıxmış Mühəmməd bin Əbd əl- Vəhab bin Süleymandır. Onun fəaliyyəti Hüreymilərdə narazılıq doğurduğu üçün Üeynə şəhərinə köçür və burada qazılıq edir. Lakin burada da güclü dəstək tapmadığından o, 1744-cü ildə Dəriyyəyə köçməli olur, bu yerlərin əmiri olan Mühəmməd ibn Səud ilə dil tapıb onun himayəsi altına keçir. O vaxt Dəriyyənin əmiri Mühəmməd ibn Səud güclü idi, şan- şöhrət axtarırdı, qonşu əmirlikləri də öz hakimiyyəti altında birləşdirmək istəyirdi və başa düşürdü ki, vəhhabilik bir təlim kimi ona öz məqsədinə çatmaqda kömək edə bilər. Vaizlə əmir razılığa gəldilər və ittifaq bağladılar: İbn Əbd əl- Vəhhab bunula öz təlimini təbliğ etmək, özünə ardıcıl toplamaq, əmir Mühəmməd ibn Səud isə Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək imkanı qazandılar. Vəhhabin təriqətini və ardıcıllarını Vəhhabilər adlandırdılar. Vəhhabın təlimindəki prinsiplər imkan verirdi ki, qonşu ərazilər üzərində yürüşlər etsinlər. Bu yürüşlər çox vaxt İslamı öz ilkin saflığına qaytarmaq şüarı altında keçirilirdi, lakin tamamilə dünyəvi məqsədlərə də xidmət edirdi. Vəhhabilər işğal etdikləri ərazilərdə əhalinin malını və canını özlərinə halal bilir, evləri qarət edir, özləri ilə qənimətlər aparırdılar. Təxminən 20-25 il ərzində bir çox əmirliklər Ali- Səuda tabe etdirilir. Beləliklə, vəhhabilər geniş bir ərazidə öz dövlətlərini yarada bilirlər. Osmanlı dövləti və Misir hökmdarı Mühəmməd Əli paşa vəhhabiləri cəzalandırmaq məqsədilə bölgədə güclü hərbi əməliyyatlar keçirsələr də, beynəlxalq vəziyyətin gərginliyi, İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi sayəsində vəhhabilər hər dəfə öz dövlətlərini yenidən bərpa edə bilirdilər. Tarixi Ərəbistan yarımadası da Səudiyyə Ərəbistanı adlanmağa başladı.
Azərbaycanda vəhhabiliyin əsas prinsiplərinə dair ədəbiyyat ölkədə fəaillət göstərən müxtəlif beynəlxalq islam cəmiyyətləri tərəfindən tərcümə edilərək yayılsa da, bu məzhəb özünə geniş auditoriya tapmamışdır. Çünki, onun təlimi xalqımızın milli- mədəni ənənələri, əsrlər boyu təşəkkül tapmış dini təcrübəsi ilə ziddiyyət təşkil edir.
Mühəmməd bin Əbd əl- Vəhabın təliminin əsasında 4 başlıca əqidə məsələsi durur: Antropomorfizm, Əttəuhid- yalnız bir olan Allaha ibadət, Ədəm təuqir ən-nəbi bə-l-əuliya- Peyğəmbəri böyük tutmamaq, ona təzim etməmək, övliyalarla bağlı heç bir abidə, əsər-əlamət saxlamamaq, Təkfir əl-müslimin- Müsəlmanları bidətə, islamdan olmayan yeniliyə yol verdikləri üçün küfrdə günahlandırmaq.
Peyğəmbəri və övliyaları böyük tutmağı, onlara təzim etməyi vəhhabilər onların qəbir və türbələrini ziyarət etmək, onlardan şəfa istəməklə əlaqələndirirdilər. Odur ki, onlar 1803-cü ildə Məkkəni tutduqdan sonra bu müqəddəs şəhərdə peyğəmbərin və ən məşhur səhabələrinin adları ilı bağlı bir çox tarixi abidələri, evləri, məzarları dağıtmışlar.”
Bunlar, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri, professor, Rafiq Əliyevə məxsus sözlər idi. Diqqət edin: Bu kitab nəşr ediləndə, professor bu sözləri deyəndə (1999) nə dərəcədə haqlı idi. İndi (2008) nə dərəcədə haqlıdır?...Yazının əvvəlində haqqında bəhs etdiyim birinci kitab isə bu yazılar yazılandan 2 il sonra (2001) işıq üzü görmüşdür. Bu o illər idi ki, xalqımız milli- mədəni dəyərlərinə indikinə nisbətdə çox sıx bağlı idi. Vəhhabilər isə zaman-zaman öz işini görməkdə. Rəhbərə münasibət məsələsi boş yerə ortalığa atılmamışdı...
Azərbaycan konstitusiya etibarı ilə dünyəvi, demokratik, sivil bir ölkədir. Demokratiya olan yerdə xalq istənilən məsələyə münasibətini bildirməli, hər bir baş verən hadisəyə çağdaş yanaşmalıdır. Amma, baxın birinci kitabda yazılan avamlığın kuliminasiyasına. Məsələn: “Rəhbərin xoşa gəlməyən hərəkətlərinə və ya danışıqlarına səbr etmək və ona qarşı çıxmamaq”- izah edilir ki, rəhbər komandirdir, müəllimdir, atadir və s. Demək ki, komandir əsgəri dövlətçiliyə qarşı ruhda tərbiyələndirsə belə ona tabe olmaq, susub dinməmək lazımdır. Bu, günahdır... Yadınıza salın bir neçə ay öncə Müdafiə Nazirliyinin Murovdağ istiqamətində yerləşən “N” saylı hərbi hissəsindən avtomat və pulemyot götürərək qaçan zabitini... Və yaxud ata narkomaniyaya, oğurluğa qurşanıbsa və övladı da bu yöndə istiqamətləndirirsə, övlad bunu dərk etsə də, onun işlərinə qarışmamalı, ona yenə də hörmət etməli, onun haqqında gözəl zənn etməli, hər şeyi qiyamətə saxlamalı, səbr etməlidir... Bu hansı dindir? Hansı təriqətdir? Bunun harası haqq dini olan İslamdır?
Ikinci kitabda professor R. Əliyev çox sadə və anlaşıla bilən bir dildə vəhhabiliyin İslam, din adı ilə dövlətlərə, insanlara yaxınlaşmasından və müəyyən zamandan sonra siyasi hərəkata keçməsindən bəhs etmişdir. Bir məqama da diqqət edin. O zamanlarda da həqiqi İslamı təbliğ edən Osmanlı dövləti vəhhabilərə qarşı hərbi əməliyyatlara başlayanda İngiltərə və Fransanın müdaxiləsi bunun qarşısını alır. Niyə? Çünki, ayının min oyunu bir armudun üzərində qurulub. Əslində Mühəmməd bin Əbd əl- Vəhab bin Süleymanı da yetişdirən elə ingilis kəşfiyyatı olmuşdur. Məqsəd, İslamı parçalamaq, Bu gözəl dinimiz haqqında insanlarda yalnış təsəvvürlər yaratmaqdır. Bu barədə İslam peyğəmbərinin qabaqcadan söylədiyi sözlərə diqqət edin: “ Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir”.
Bəli, qarşı tərəflər öz işini görməkdədir. Tarix boyu da belə mənasız səbəblərdən bir- birimizə qarşı savaşmışıq. Osmanlılarla Səfəviləri- iki böyük türk dövlətini bir- birinə qırdıranlar sünnü- şiə kimi mənasız bir mövzunu ortalığa atmaqla nail olmuşdular istəklərinə. Bizlər isə qabaqcadan bir fəlakətin olacağını bilə- bilə susmaqda, onlara kömək etməkdəyik. Hər şeyə mənəviyatı pozmaqla başladılar. Öncə ən kütləvi təsiri edə bilən televiziya vasitəsi ilə. Tamaşaçılara, dinləyicilərə ünvanlanan suallara fikir verin. “Siz neçə dəfə ərinizə xəyanət etmisiniz? Sizin ilk öpüşünüz necə olub? İlk intim əlaqənizi necə xatırlayırsınız?” bu kimi suallar hansı əyləncəyə xidmət edə bilər ki? (Mənim haqqımda sizdə qatı dindar kimi təsəvvür oyanmasın. Hətta dinimizin əsas şərtlərindən olan namazı da qılmağa özümü hazır hesab etmirəm.) Bu gün İslamçılığa, Türkçülüyə, Azərbaycançılığa, Milliliyə, Əxalqi dəyərlərimizə qarşı olan qüvvələr birbaşa, çılğın hərəkətlərlə deyil, xüsusi taktika ilə irəliləməkdədirlər. Və onlar artıq Azərbaycanda kök atıblar. Hər bir sahədə. Bayaqdan haqqında bəhs etdiyim Dini sahədə, eyni zamanda təhsildə, səhiyyədə, iqdisadiyyatda, dövlət qulluğunda, dövlət idarəçiliyində, mədəniyyətdə, ədəbiyyatda, cüzi də olsa orduda, qısacası istənilən sahədə. Bir gün içimizdə quraşdırılan bu bomba birdən –birə partlayacaq və yerli dibli yer üzündən silinəcəyik...
Raqif RAUFOĞLU