
Çox insan milyarder ailənin üzvü olmağı arzu edərkən Tarik əl-Habtur adlı 16 yaşlı şahzadə atasının milyardlarının varisi olmaq istəmədiyi üçün evi tərk edib. Var-dövləti deyil, azad həyat tərzini seçən Tarik Birləşmiş Ərəb Əmirliklərinin zənginlərindən hesab edilən Rəşid əl-Habturun ingilis qadından olan övladıdır. Həyat yoldaşı ilə yola getmədiyi üçün ayrılan Rəşid əl-Habtur oğlu Tariki də anasından ayıraraq Dubaya köçüb. Amma ən yaxşı məktəbdə təhsil alan, xidmətçilərin arasında böyüyən 16 yaşlı şahzadə heç bir söz haqqına sahib olmayıb. Atasının onun həyatına qarışmasından bezən yeniyetmənin hətta konsertə və ya anasının yanına getmək xahişi də yerinə yetirilmirmiş. Bu cür həyat tərzindən sıxılan şahzadə gizlicə İngiltərəyə qaçaraq anasının yanına sığınıb. Hazırda Tarikin kimin yanında qalmalı olduğu müzakirə edilir. Artıq ata və ananın bu mübahisəsinə məhkəmənin qərar verəcəyi bəllidir. Amma görünən odur ki Tarik "qızıl qəfəs"i deyil, azad həyatı seçəcək.