Hindistanda dünyanın ən ucuz avtomobilinin istehsalına başlanılıb. Amma ucuz ətin şorbasının olmadığı kimi, 2500 dollara satılacaq bu maşınların da konfiqurasiyası xeyli aşağıdır.
Belə ki, 30 at gücünə malik olan "Tata"nın "Nono" modelli maşınlarının maksimal sürəti saatda 70 kilometrdir. Salonda nə radio qurğusu, nə də kondisioner var. Sükanın ətrafında isə yalnız sürəti və benzinin həddini göstərən göstərici var. Maşının banının yarısı alüminiumdan, yarısı isə plastik materialdan hazırlanıb. "Tata"nın ildə 250 min ədəd istehsal edəcəyi maşınlar daha çox motosikletlərə alternativ minik vasitəsi olacaq. İstehsalçılar Hindistanda satış rekordunu təzələyəcəklərini düşünürlər. Avtomobilin bəzi göstəriciləri aşağıdakı kimidir: * motoru arxada olacaq və sadəcə, motoru 700 dollara başa gələcək. 30 at gücünə malik olacaq; * radiosu, kondisioneri, göstərici qurğuları yoxdur. Sadəcə, benzin və sürət göstəricisi var; * sürət qutusu avtomatik və ya mexaniki deyil. Motosikletlərdə olduğu kimi, sürət ötürücüsü yoxdur; * disklər və təkərlər saatda maksimum 70 kilometr sürətlə getməyə imkan verəcək şəkildə istehsal edilib; * qənaət olsun deyə, istehsalçılar maşına baqaj da qoymayıblar. Baqaj yerinə ayrılan xüsusi yerə yalnız bir bel çantası qoymaq mümkündür.
Mənbə: Həftə içi